Son zamanlar vergi orqanından əmlak vergisi ilə bağlı kameral uyğunsuzluq məktubları daxil olur ki, vergi ödəyicisinin əsas vəsaitləri qalıq dəyərindən artıq qiymətə sığortalanıb, lakin əmlak vergisi bəyannaməsi vergi məcəlləsinində tələblərinə uyğun təqdim edilməmişdir.
Belə ki, bildiyimiz kimi Vergi Məcəlləsinin 201.1.1-ci maddəsinə əsasən müəssisənin və fərdi sahibkarın əsas vəsaitləri qalıq dəyərindən artıq qiymətə sığortalandığı halda əmlak vergisi sığorta məqsədləri üçün 1% əmlak vergisi dərəcəsini tətbiq etməklə hesablanır.
Məsələn, ilin əvvəlinə qalıq dəyəri 100 min manat olan istehsalat avadanlığını müəssisə 250 min manat sığortalayıb. Belə olan halda əmlak vergisi bəyannaməsi necə təqdim edilməlidir?
Təcrübədə tez-tez rastlaşırıq ki, bəzi mühasiblər 250000 manat olan sığorta dəyərinin hamısını bəyannamənin 505.1-ci sətri olan “Vergiyə cəlb olunan artıq qiymətə sığortalanan əmlakın dəyəri” sətrində əks etdirir. Bəyannamənin 504-cü sətrinə(“Vergiyə cəlb olunan əmlakın qalıq dəyəri”) heç bir rəqəm yazılmır. Halbuki, bu həm qanunvericiliyə əsasən düzgün deyil, həm də artıq əmlak vergisi hesablanması ilə nəticələnir. Belə ki, bu metodla bəyannamə təqdim etdikdə 3000 manat əmlak vergisi hesablanacaqdır ki, bu da nəticədə hesablanmalı olan 2500 manat(250000 manat*1%) əmlak vergi məbləğindən çoxdur.
Halbuki, əsas vəsaitin ilin əvvəlinə olan qalıq dəyəri 100 min manat məbləğ bəyannamənin 2 saylı Əlavəsinin 2-ci sətrin(“Maşınlar və avadanlıqlar”) “Hesabat ilinin əvvəlinə əsas vəsaitlərin qalıq dəyəri” sütununa yazılır, habelə 20% dərəcəsi ilə 20000 manat amortizasiya xərcini çıxdıqdan sonra 80 min manat məbləğində əsas vəsaitin ilin sonuna qalıq dəyərini həmin sətrin “Hesabat ilinin sonuna əsas vəsaitlərin qalıq dəyəri” sütununa yazılır. Belə olan halda bu əmlakın hesabat ili üçün orta illik qalıq dəyəri 90 min((100000+80000)/2) manat olur. Əmlakın sığorta dəyəri olan 250000 manatla orta illik qalıq dəyəri olan 90000 manat arasındakı fərq olan 160000 manat isə əmlak vergisi bəyannaməsinin 2 saylı Əlavəsinin 2-ci sətrin(“Maşınlar və avadanlıqlar”) “Artıq qiymətə sığortalanan əsas vəsaitlərin dəyəri” sütununa yazılır.
Nəticədə əsas vəsaitin ilin əvvəlinə dəyəri 100 min manat bəyannamənin 501-ci sətrində, amortizasiya çıxıldıqdan sonra ilin sonun qalıq dəyəri 80 min manat 504-cü sətirdə və sığorta məqsədləri üçün nəzərdə tutulmuş bazar dəyəri(sığorta dəyəri) ilə əsas vəsaitin orta illik qalıq dəyəri arasındakı fərq olan 160000 manat isə 505-ci sətirdə müvafiq olaraq əks olunacaqdır.